İQTİSADİYYAT
İran nümayəndə heyəti “Khazar İslands” layihəsi ilə tanış olub
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Ənzəli Azad Ticarət və Sənaye Zonası Təşkilatının İdarə Heyətinin sədri Rza Mənsurun başçılıq etdiyi nümayəndə heyəti “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsi ilə tanış olmaq üçün şəhər-kompleksin salındığı ərazidə olub.
“Avesta Concern”dən AZƏRTAC-a bildirilib ki, konsernin prezidenti Hacı İbrahim Nehrəmli qonaqlara rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi bu nəhəng layihə haqqında ətraflı məlumat verib. “Khazar İslands” layihəsi çərçivəsində həyata keçirilən işlərlə yaxından tanış olan nümayəndə heyətinin üzvləri görülən işləri yüksək qiymətləndiriblər.
“Avesta Concern”in prezidenti ilə danışıqlarda İran nümayəndə heyətinin üzvləri əməkdaşlıq məsələlərini də müzakirə ediblər. İran şirkətləri ilə əməkdaşlığa hazır olduqlarını deyən Hacı İbrahim Nehrəmli iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasını İran və Azərbaycan şirkətləri arasında əməkdaşlığa möhkəm təməl hesab etdiyini qeyd edib. “Khazar İslands” layihəsini isə əməkdaşlıq üçün çoxsaylı imkanlar yaratdığını vurğulayan “Avesta Concern”in prezidenti İranlı sərmayədarlar, inşaat şirkətləri və tikinti malları istehsalçıları ilə əlaqələrin yaradılmasının tam zamanı olduğunu bildirib.
İran nümayəndə heyətinin üzvləri Azərbaycanın sürətlə inkişaf etdiyini və artıq ölkəmizdə dünya miqyaslı layihələr həyata keçirməsini məmnuniyyət hissi ilə müşahidə etdiklərini vurğulayıblar.