QAN YADDAŞI
İran portalı Azərbaycan səfirliyinin 20 Yanvar faciəsi ilə bağlı bəyanatını yayıb
Tehran, 20 yanvar, AZƏRTAC
Azərbaycanın İrandakı səfirliyinin 20 Yanvar faciəsi ilə bağlı bəyanatı “AVA Diplomatic” saytında fars və ingilis dillərində dərc edilib.
Bəyanatda bildirilib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına etiraz edən xalq yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşun hissələrinin pulemyot və avtomatlardan atəşinə məruz qalıb. O qanlı gecədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb.
Qeyd edilir ki, 20 Yanvar hadisəsinə ilk siyasi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər faciədən sonrakı gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycanda həyata keçirilən qanlı aksiyanı qətiyyətlə pisləyib, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirib, təqsirkarların cəzalandırılmasını tələb edib və Azərbaycan xalqının kədərini bölüşüb.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar faciəsində şəhid olanların ailələrinin və əlillərin qayğılarını daim diqqət mərkəzində saxlayır.
Bəyanatda vurğulanır ki, Azərbaycan xalqının yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsi ölkəmizdə hər il ümumxalq faciəsi kimi qeyd edilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran