REGİONLAR
İran səfiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət və istehsal müəssisələri ilə tanış olub
Naxçıvan, 14 noyabr, Rauf Əliyev, AZƏRTAC
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində noyabrın 14-də muxtar respublikanın mədəniyyət və istehsal müəssisələri ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, diplomat əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
İran səfiri Naxçıvan Biznes Mərkəzində də olub. Qonağa mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə müxtəlif müəssisələrin məhsulları, sənətkarlar tərəfindən hazırlanan əl işləri və rəsm əsərləri nümayiş olunur. Bu gün muxtar respublikada 366 növdə məhsul istehsal edilir. Muxtar respublikada sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Yerli istehsal müəssisələrinin fəaliyyəti yaxşılaşdırılır, istehsal olunan məhsulların keyfiyyəti diqqətdə saxlanılır, daxili bazarın tələbatı ödənilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-cı ildə muxtar respublikada 23 yeni istehsal və xidmət sahəsi yaradılıb.
Cavad Cahangirzadə Culfa gömrük sərhəd keçid məntəqəsində də olub. Məlumat verilib ki, muxtar respublika gömrük orqanlarının infrastrukturunun yenidən qurulması və maddi texniki bazasının möhkəmləndirilməsi tədbirlərindən Culfa Gömrük İdarəsinə də xeyli pay düşüb. 2007-ci ilin yanvar ayının 16-da idarə üçün yeni sərhəd keçid kompleksi tikilib istifadəyə verilib. Muxtar respublikanın xarici ticarət əlaqələrində Araz çayı üzərindəki Culfa-Culfa körpüsünün müstəsna rolu və əhəmiyyəti nəzərə alınaraq bu istiqamətdə də yeni körpü salınıb. Eni 12 metr, uzunluğu isə 250 metr olan körpü 2011-ci ilin iyun ayının 24-də istifadəyə verilib. Diplomat İran Culfasındakı gömrük sərhəd keçid məntəqəsi ilə də tanış olub.
Səfir Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə də maraqlanıb.
Cavad Cahangirzadə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə də tanış olub. Qonağa XII əsrə aid olan bu tarixi abidə haqqında ətraflı məlumat verilib.
Noyabrın 14-də İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.