İQTİSADİYYAT
İran şirkətləri Azərbaycanda yaradılan sənaye müəssisələrində fəaliyyət göstərməyə dəvət olunublar
Bakı, 18 oktyabr, AZƏRTAC
İran şirkətləri Azərbaycanda yeni yaradılan sənaye müəssisələrində fəaliyyət göstərməyə dəvət olunublar.
AZƏRTAC xəbər verir ki, bu dəvət Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə səsləndirilib. Görüşdə Konfederasiyanın məsul şəxsləri ilə yanaşı, nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox iranlı iş adamı iştirak edib.
Görüş zamanı ASK–nın prezidenti Məmməd Musayev Azərbaycan və İran arasındakı mehriban qonşuluq əlaqələrindən danışıb. Hər iki ölkədən olan iş adamları arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən M.Musayev ölkəmizə investisiya yatırmaq arzusunda olan İran şirkətlərinin sayının çox olmasını da yüksək qiymətləndirib. Sahibkarlar arasında yeni əməkdaşlığın yaranması üçün qarşılıqlı səfərlərin, işgüzar görüşlərin əhəmiyyətini önə çəkib. İkitərəfli ticarət əlaqələrinin genişlənməsi istiqamətində Azərbaycan Sahibkarlar Konfederasiyasının səylərini əsirgəməyəcəyini də istisna etməyib. ASK-nın prezidenti İran şirkətlərini ölkəmizdə yeni yaradılan sənaye müəssisələrində fəaliyyət göstərməyə, yerli şirkətlərlə birgə əməkdaşlığa dəvət edib.
Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş iki ölkə arasında iqtisadi-ticarət əlaqələrin genişlənməsində maraqlı tərəf olduqlarını qeyd edib. Məcid Xudabəxş qeyd edib ki, İranda da azərbaycanlı sahibkarların investisiya yatırması üçün böyük imkanlar mövcuddur. Onlara bir sıra güzəştlərin edilməsi də nəzərdə tutulub.
Görüşdə iştirak edən iranlı iş adamları da ölkələrimizin ayrı-ayrı regionları arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi ilə bağlı müxtəlif suallar səsləndirib. Nümayəndə heyətini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.