İQTİSADİYYAT


İran şirkətləri Pirallahı Sənaye Parkının imkanlarından yararlana biləcək

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

İran şirkətləri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış və əsasən əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq Pirallahı Sənaye Parkının imkanlarından da yararlana biləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikir iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İran İslam Respublikasının səfiri Möhsün Pakayin ilə görüşündə səsləndirilib.

Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm əhəmiyyətini qeyd edib. Azərbaycan-İran iqtisadi əlaqələri və həyata keçirilən birgə layihələr barədə danışan Şahin Mustafayev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 kilometrlik dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşacağını vurğulayıb. Bildirilib ki, bu ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faiz artıb. Bu yaxınlarda iş adamlarının iştirakı ilə Bakıda keçiriləcək növbəti Azərbaycan-İran biznes forumu iqtisadi əməkdaşlığın, xüsusilə iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaq. Görüşdə İran şirkətlərinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış və əsasən əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq Pirallahı Sənaye Parkının imkanlarından da yararlana biləcəyi diqqətə çatdırılıb.

Son dövrlərdə Azərbaycan-İran əlaqələrinin daha da genişləndiyini vurğulayan İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin səfir olduğu dövrdə 20-si 2016-cı ilin ötən dövründə olmaqla iqtisadi sahədə 50 sənədin imzalandığını qeyd edib. İran-Azərbaycan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirən Möhsün Pakayin sentyabrın 19-21-də "Baku Expo" Mərkəzində İran məhsullarının II ixtisaslaşmış sərgisinin keçiriləcəyini vurğulayıb və iqtisadiyyat nazirini sərgiyə dəvət edib.

Görüşün sonunda nazir Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin inkişafında səfir Möhsün Pakayinin səmərəli fəaliyyətini vurğulayaraq gələcək fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.