İQTİSADİYYAT


İran turistləri Bakını seçir

Tehran, 24 may AZƏRTAC

Hələlik Bakıya həftədə 4 təyyarə reysi yola salırıq. İyun ayından başlayaraq reyslərin sayını artıracağıq və Bakıya həftədə 6 reys yola salınacaq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın “Aysan Pərvaz” turizm şirkətinin baş direktoru Seyid Məhəmməd Mirrezayi deyib.

Baş direktor bildirib ki, Bakıya səfər etmək istəyən iranlıların çoxluğu nəzərə alınıb və əlavə tədbirlər görülüb. İyun ayından başlayaraq şirkət Tehran-Bakı-Tehran reysindən başqa, həftədə bir dəfə olmaqla Əhvaz-Bakı-Əhvaz, Məşəd-Bakı-Məşəd, İsfahan-Bakı-İsfahan, Urmiya-Bakı-Urmiya reyslərini də açacaq. Müvafiq hava nəqliyyatı şirkətləri ilə danışıqlar aparılıb və müqavilələr imzalanıb.

S.M.Mirrezayi qeyd etdi ki, İranın müxtəlif şəhərlərindən Bakıya səfər etmək istəyənlərin çoxluğu nəzərə alınıb və onların Bakıya turist səfərləri asanlaşdırılıb. Artıq Urmiyada, Məşəddə, İsfahanda yaşayanların Bakıya getmək üçün Tehrana gəlmələrinə ehtiyac yoxdur. Adı çəkilən İran şəhərlərində beynəlxalq standartlara uyğun hava limanları var. Şirkət bu limanlardan istifadə edərək Bakı səfərlərini təşkil edəcək.

Baş direktor onu da nəzərə çatdırıb ki, Bakıdan qayıdan iranlı turistlər heç bir nöqsanla qarşılaşmadıqlarını bildirirlər. Digər səfər edən turistlər bəzi iradlarla bizə müraciət edirlər. Lakin Azərbaycana səfər edənlər heç vaxt şikayət etmirlər. Əksinə Bakının gözəlliyindən, insanların mehriban olmasından və qiymətlərin münasibliyindən məmnuniyyətlə danışırlar.

Mart ayında Novruz bayramı ilə əlaqədar şirkət tərəfindən Tehrandan Azərbaycana 6 min turist göndərildiyini deyən S.M. Mirrezayi Bakıdan qayıdanların heç birinin şikayətinin olmadığını bildirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.