MƏDƏNİYYƏT


İranda keçiriləcək Azərbaycan mədəniyyət günləri müzakirə olunub

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfirin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə iki ölkə arasında son dörd il ərzində həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkə rəhbərləri arasında olan əlaqələr xalqlar arasındakı münasibətlərə öz töhfəsini vermişdir.

Nazir Ə.Qarayev iki ölkə arasında həm turizm, həm də mədəniyyət sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayaraq, son illər Azərbaycanda İran turistlərinin sayının kifayət qədər artdığını bildirib. Bu amilin Azərbaycan və İran turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına şərait yaratdığını qeyd edib.

Görüş zamanı cari ildə İranda təşkil olunacaq Azərbaycan mədəniyyət günləri haqqında da müzakirələr aparılıb. Qeyd olunub ki, yaxın günlərdə Azərbaycan nümayəndə heyəti tədbirin keçiriləcəyi şəhərlərdə infrastrukturla tanışlıq məqsədilə İrana səfər edəcək.

Diplomat qeyd edib ki, hazırda İrandan Azərbaycana ay ərzində 18 təyyarə reysi həyata keçirilir və turistlərin artan marağını nəzərə alaraq reyslərin sayının artırılması zərurəti yaranıb.

Nazir son günlərdə ölkə başçısı tərəfindən turizm sahəsində imzalanan sərəncamların turizmin inkişafına təkan verəcəyini bildirib və bu istiqamətdə həyata keçiriləcək tədbirlərin iranlı turistlərin Azərbaycana gəlməsi üçün imkanlarını genişləndirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.