DÜNYA


İranda keçirilən prezident seçkiləri başa çatdı

Tehran, 19 may AZƏRTAC

İran İslam Respublikasında keçirilən 12-ci prezident seçkiləri başa çatdı. Saat 18:00-da bütün seçki məntəqələri bağlandı və səslərin sayılması prosesinə başlanılıb.

İranın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə səsvermə prosesində heç bir insident və ciddi qanun pozuntuları müşahidə edilməyib. İranın böyük şəhərləri olan Tehranda, Təbrizdə, Urmiyada, İsfahanda, Şirazda seçicilərin yüksək fəallığı müşahidə edilib. Bəzi məntəqələrin qarşısında uzun növbələr yaranıb.

İranın qanunvericiliyinə əsasən, məntəqələr bağlandıqdan sonra namizədlərin nümayəndələrinin iştirakı ilə 24 saat ərzində səslər sayılacaq və seçkilərin yekun nəticələri açıqlanacaq.

Seçkiləri izləmək üçün xarici müşahidəçilər dəvət edilmədi. Lakin seçkiləri 42 ölkədən 570 jurnalist işıqlandırırdı. Təkcə Tehranda 31 ölkədən olan 156 mətbuat nümayəndəsi səsvermə prosesi haqqında məlumat yayırdı.

Seçkilərdə 50 faizdən çox səs toplayan namizəd qalib olacaq. Əgər namizədlərin heç biri 50 faizdən çox səs yığa bilməsə, onda ikinci tur keçiriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.