DÜNYA
İranda silsilə hücumlar: 2 nəfər ölüb, 13 nəfər yaralanıb VİDEO
Bakı, 7 iyun, AZƏRTAC
Bu gün səhər saatlarında İran parlamentinə və İmam Xomeyni mavzoleyinə silahlı hücumlar olub. Həlak olanlar və yaralananlar var.
AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, parlamentdə baş verən atışma nəticəsində bir nəfər ölüb, 8 nəfər zərər çəkib.
Digər hücum İmam Xomeyni mavzoleyinə edilib. Burada açılan atəş nəticəsində bir nəfər həlak olub, beş nəfər yaralanıb. Bundan başqa, hücum edənlərin biri özünü mavzoleyin ərazisində partladıb. İki nəfər həbs olunub.
Təhlükəsizlik orqanlarının İmam Xomeyni mavzoleyinin qarşısında partlayıcı qurğu aşkarlayaraq zərərsizləşdirdikləri bildirilir.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 10:00) 4 nəfər silahlı şəxs parlamentin binasına soxularaq mühafizə xidmətinin əməkdaşlarına nizamsız atəş açıb.
Son məlumata görə, silahlılardan biri parlamentin binasını tərk edərək küçəyə çıxıb və atəş açmağa başlayıb.