CƏMİYYƏT
İrandan gələn yük avtomobilində çətənə bitkisinin toxumları aşkarlanıb
Bakı, 12 iyul, AZƏRTAC
İrandan gələn yük avtomobilində çətənə bitkisinin toxumları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Astara Gömrük İdarəsinin yük şöbəsində Azərbaycan Respublikası ərazisindən tranzit gömrük proseduru altında keçməklə İran İslam Respublikasından Gürcüstana gedən Gürcüstan vətəndaşı Vatsadze Gochanın idarə etdiyi “Mercedes” markalı, PA5867BM nömrəli yük nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.
Xidməti it dartıcının kabinəsinə reaksiya verdiyi üçün nəqliyyat vasitəsi saxlanılaraq təkrar yoxlanılıb. Yoxlama zamanı kabinədə, sürətlər qutusunun üzərində, avadanlıqlar üçün nəzərdə tutulmuş rəfdə 1 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 0,306 qram təşkil edən 13 ədəd çətənə bitkisinin toxumları aşkarlanıb.
Daha sonra zərurət yarandığı üçün vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı isə vətəndaşın üzərində 3 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 0,421 qram təşkil edən psixotrop maddə - metamfetamin və 1 ədəd bükümdə xalis çəkisi 0,895 qram təşkil edən narkotik vasitə - həşiş aşkarlanaraq götürülüb.