İQTİSADİYYAT


İrandan gətirilmiş gübrənin keyfiyyət göstəricilərinin standartlara uyğun olmaması müəyyən edilib

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da İran İslam Respublikasının “KERMANSHAN PETROCHEMİCAL” zavodunun istehsalı olan, “FELESTİNA-2” gəmisi vasitəsilə Bakı şəhərinə gətirilmiş “Agro menejment” MMC-yə məxsus 1893,1 ton UREA 46 faiz (karbamid) gübrəsindən götürülmüş nümunələrin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyasında analizi nəticəsində həmin gübrənin keyfiyyət göstəricilərinin standartlara uyğunsuzluğu və normadan dəfələrlə aşağı olması müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 21-də Dövlət Fitosanitar Nəzarət Xidmətində keçirilən mətbuat konfransında xidmətin rəisi Camal Quliyev məlumat verib.

C.Quliyev bildirib ki, yükü müşayiət edən sənədlərdə UREA 46 faiz (karbamid) gübrəsində təsiredici maddənin miqdarı 46 faiz göstərildiyi halda, laboratoriya analizinin nəticəsində 30,9 faiz nümunədə azotun miqdarı 0 faiz, 3,0 faiz nümunədə azotun miqdarı 6 faiz, 3,0 faiz nümunədə azotun miqdarı 9 faiz, 3,0 faiz nümunədə azotun miqdarı 19 faiz, 3,2 faiz nümunədə azotun miqdarı 23 faiz, 3,0 faiz nümunədə azotun miqdarı 26 faiz, 5,7 faiz nümunədə azotun miqdarı 30 faiz, 5,7 faiz nümunədə azotun miqdarı 32 faiz; 3,1 faiz nümunədə azotun miqdarı 33 faiz, 5,7 faiz nümunədə azotun miqdarı 36 faiz, 5,7 faiz nümunədə azotun miqdarı 39 faiz, 3,0 faiz nümunədə azotun miqdarı 42 faiz, 5,7 faiz nümunədə azotun miqdarı 43 faiz və yalnız 19,8 faiz nümunədə azotun miqdarı 46 faiz aşkar edilib.

Onun sözlərinə görə, gübrədə təsiredici maddənin miqdarı normadan dəfələrlə aşağı olduğu üçün həmin gübrənin bitkiçilikdə tətbiqi yolverilməzdir. Bu gübrənin bitkiçilikdə tətbiqi, torpaqdakı mühiti əlverişsiz istiqamətdə dəyişməklə kənd təsərrüfatı bitkilərində boy, inkişaf və məhsuldarlığa əhəmiyyətli təsir göstərməyəcək. Nəticədə isə ətraf mühitin çirklənməsinə, lüzumsuz xərclərin artmasına, məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olacaq.

Mətbuat konfransda qeyd olunub ki, “Fitosanitar nəzarət haqqında” Azərbaycan Respublikasının 12 may 2006-cı il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”na uyğun olaraq “Agro menejment” MMC-nin ünvanına daxil olmuş, İran İslam Respublikasının “KERMANSHAN PETROCHEMİCAL” zavodunun istehsalı olan 1893,1 ton UREA 46 faiz (karbamid) gübrəsinin ixracatçı ölkəyə geri qaytarılması üçün Dövlət Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.