CƏMİYYƏT
İrandan ölkəmizə gətirilən 24 ton kartof məhsulunda kartof güvəsi aşkarlanıb
Bakı, 11 fevral, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) əməkdaşları tərəfindən İran İslam Respublikasından Azərbaycana idxal olunan 24 ton kartof məhsulunda kartof güvəsi aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DFNX-nin Respublika Karantin Ekspertiza Mərkəzində “Divo CO” MMC tərəfindən qonşu ölkədən Azərbaycana idxal olunan kartof məhsulu üzərində ekspertiza həyata keçirilib. Ekspertiza zamanı məhsulun Azərbaycan üçün karantin tətbiq edilən zərərverici olan kartof güvəsi ilə sirayətləndiyi aşkarlanıb.
Kartof güvəsi aşkarlanan 24 ton məhsul Dövlət Xidmətinin fumiqasiya dəstəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Eyni zamanda, karantin tətbiq edilən zərərli orqanizmin aşkar edilməsi ilə bağlı hazırlanan müvafiq məlumat dərhal İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına göndərilib.
Qeyd edək ki, kartof güvəsi kartof da daxil olmaqla, quşüzümü fəsiləsinə aid bir çox bitkilər üçün (pomidor, bibər, badımcan, tütün və s.) təhlükəli zərərvericidir.