REGİONLAR
İrandan ölkəmizə yüksək keyfiyyətli barama toxumları gətirilib
Bakı, 15 aprel, AZƏRTAC
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, Azərbaycanda qədim ənənələrə malik ipəkçiliyin dirçəldilməsi dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mövcud vəziyyət nəzərə alınmaqla, ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, barama toxumunun alınması məqsədilə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov İran İslam Respublikasının Rəşt şəhərində yerləşən barama toxumu istehsalı müəssisəsində olub, toxumun alınması və respublikaya gətirilməsi ilə bağlı müzakirələr aparıb. Eyni zamanda, İranın Gilan əyalətinin valisi doktor Nəcəfi ilə görüş keçirilib.
İran İslam Respublikasından tədarük edilmiş yüksək keyfiyyətli barama toxumları ölkəmizə gətirilərək aprelin 14-də Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunacaq barama qurdlarının aprelin 26-da rayonlar üzrə müəyyənləşdirilmiş bölgü əsasında bəslənilməsi üçün kümçülərə ödənişsiz olaraq paylanılması planlaşdırılır.