CƏMİYYƏT
İranın Ərdəbil Əyalətinin valisi Bakıda mətbuat konfransı keçirib
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda yüksək qonaqpərvərlikdən məmnunluğunu bildirən Məcid Xudabəxş səfər çərçivəsində səmərəli görüşlər keçirdiyini bildirib. Qeyd edib ki, hər iki ölkənin prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olması, rəsmi səviyyədə görüşlərin dinamikası və səmərəliliyi, beynəlxalq və regional xarakterli bir çox aktual məsələlərə dair vahid mövqe, sıx ticarət-iqtisadi, sosial-humanitar əlaqələr İran-Azərbaycan əlaqələrinin getdikcə daha çox inkişaf etməsindən və möhkəmlənməsindən xəbər verir.
İran-Azərbaycan əlaqələrinin genişləndirilməsi üçün güclü siyasi iradənin mövcudluğunu vurğulayan qonaq hər iki ölkənin iqtisadi münasibətlərin inkişafında maraqlı olduğunu bildirərək deyib: “Azərbaycana səfərimiz iqtisadi mahiyyət daşıyır. Azərbaycan Prezidentinin qəbulunda olduq, İqtisadiyyat, Fövqəladə Hallar, Kənd Təsərrüfatı nazirliklərində səmərəli görüşlər keçirdik. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşdə Sumqayıtın və Ərdəbilin qardaşlaşmış şəhərlər elan olunması məsələsini müzakirə etdik. Məqsədimiz Ərdəbilin və Azərbaycanın əməkdaşlığı gücləndirərək üçüncü tərəfə məhsul ixrac etməsinə nail olmaqdır. Bu barədə danışıqlar aparılır”.
Sonda jurnalistlərin sualları cavablandırılıb.