İQTİSADİYYAT
İranın Biləsuvar sərhəd-keçid məntəqəsində yeni terminal istifadəyə verilib
İran İslam Respublikasının Biləsuvar sərhəd-keçid məntəqəsində yeni terminal istifadəyə verilib.
Bununla bağlı keçirilən tədbirdə çıxış edən İranın yol və şəhərsalma nazirinin müavini Davud Kəşavərzian deyib ki, İran qonşu ölkələrlə iqtisadi əlaqələrini genişləndirmək niyyətindədir. Azərbaycan İranın yaxın qonşusudur və qarşılıqlı əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün tədbirlər görülür. Yeni terminalın istifadəyə verilməsi bu əlaqələrin inkişafında xüsusi rol oynayacaq.
D.Kəşavərzian qeyd edib ki, yeni terminaldan qarşılıqlı şəkildə ildə 50 min nəqliyyat vasitəsi keçəcək. Bu terminal Azərbaycan vətəndaşlarının İrana keçməsini asanlaşdıracaq və vaxt itkisi aradan qalxacaq.
Nazir müavini bildirib ki, yaxın gələcəkdə Biləsuvar sərhəd-keçid məntəqəsi 24 saatlıq iş rejiminə keçəcək. Yeni terminal bu iş rejiminə hazırlıq məqsədi ilə tikilib və ildə 1 milyon adama xidmət etmək imkanına malikdir.
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin tədbirdə çıxış edərək iki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərlərinin intensiv xarakter aldığını, yalnız iqtisadi sahədə deyil, digər sahələrdə də yaxınlaşmanın müşahidə edildiyini bildirib.
Səfir deyib ki, qarşılıqlı faydalı iqtisadi münasibətlərin inkişafında sərhəd-keçid məntəqələri xüsusi rol oynayır.
Tədbirdə Ərdəbil vilayətinin rəsmi şəxsləri də iştirak ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran