İQTİSADİYYAT


İranın “Camış Yetişdirmə Mərkəzi”ndən Mürrah cinsli camış kəllərinin alınması ilə bağlı razılıq əldə edilib

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

İranın Urmiya vilayətində yerləşən “Camış Yetişdirmə Mərkəzi”ndən Azərbaycanın Göygöl Süni Mayalama Mərkəzi üçün Mürrah cinsli camış kəllərinin alınması ilə bağlı razılıq əldə edilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə oktyabrın 19-da kənd təsərrüfatı naziri Heydər Əsədovun Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə məlumat verilib.

Görüşün məqsədi Azərbaycan ilə Ərdəbil Əyaləti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

Nazir Heydər Əsədov Azərbaycan Respublikasının İran İslam Respublikası ilə ənənəvi olaraq iqtisadi, siyasi və digər sahələrdə geniş əlaqələrə malik olduğunu vurğulayıb, son zamanlar ölkə rəhbərləri, həmçinin nazirlər arasında görüşlərin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verdiyini diqqətə çatdırıb. Nazir İran və Azərbaycanın bir neçə şəhərinin, o cümlədən Ərdəbil şəhəri ilə Sumqayıt şəhərinin qardaşlaşmış şəhərlər olduğundan məmnunluğunu ifadə edib. Ərdəbil Əyalətində kartofçuluğun, heyvandarlığın, ət, süd istehsalının inkişaf etdiyini nəzərə alaraq bu sahədə əməkdaşlığa önəm verdiyini və Azərbaycanda kənd təsərrüfatı sahəsində əlverişli investisiya imkanlarının olduğunu nəzərə çatdırıb.

Heydər Əsədov ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışaraq respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda ən müasir texnologiyalara uyğun Süni Mayalama Mərkəzinin tikildiyini, hər doğulan buzova görə dövlət tərəfindən 100 manat subsidiya verilməsi barədə məlumat verib. Nazir İranın Urmiya vilayətində yerləşən “Camış Yetişdirmə Mərkəzi”ndən Göygöl Süni Mayalama Mərkəzi üçün Mürrah cinsli camış kəllərinin alınması ilə bağlı razılıq əldə edildiyini nəzərə çatdırıb. Nazir Heydər Əsədov cari ildə Azərbaycan kümçülərini vaxtında və operativ olaraq barama toxumu ilə təmin etdiyinə görə İran İslam Respublikasına öz minnətdarlığını bildirib, həmçinin kənd təsərrüfatının müxtəlif sahələri üzrə birgə müəssisələrin yaradılmasını məqsədəuyğun hesab edib.

Məcid Xudabəxş müstəqilliyini bərpa etməsinin 25 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edərək son 25 ildə ölkədə ciddi dəyişikliklərin baş verdiyini, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini bildirərək bundan məmnunluğunu ifadə edib. Məcid Xudabəxş Ərdəbil Əyalətində meyvə, ət, süd, pendir istehsalının, xüsusilə kartofçuluğun inkişaf etdiyini, quraqlığa və şoranlığa davamlı bitki sortları üzrə birgə tədqiqatların aparılmasını məqsədəuyğun hesab edib, Azərbaycan mütəxəssislərini Ərdəbildə keçiriləcək heyvandarlıq sərgisinə dəvət edib.

Görüş zamanı tərəflər arasında ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi üçün kənd təsərrüfatının prioritet hesab olunan sahələri üzrə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.