QAN YADDAŞI
İranın “Fars” Xəbər Agentliyinin saytında Sudan parlamentinin Xocalı faciəsini soyqırımı kimi tanıması haqqında xəbər yerləşdirilib
Tehran, 13 sentyabr (AZƏRTAC). İranın “Fars” Xəbər Agentliyinin saytında Sudan parlamentinin 1992-ci ilin fevralında ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri faciənin soyqırımı kimi tanıması haqqında xəbər yerləşdirilib.
“Sudan erməni zülmünü qınadı” sərlövhəli xəbərdə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini aramsız olaraq top və tank atəşinə tutub. Güclü atəşə məruz qalan əhali şəhəri tərk etmək məcburiyyətində qalıb. Meşə və dağlıq ərazidən qaçaraq şəhəri tərk etməyə çalışan insanlar erməni silahlılarının əvvəlcədən hazırladıqları pusquya düşüblər və vəhşicəsinə qətlə yetiriliblər.
Xəbərdə bildirilir ki, Xocalıda 106-sı qadın, 83-ü uşaq olmaqla 613 dinc sakin ermənilər tərəfindən qəddarlıqla öldürülüb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran