REGİONLAR
İranın Şərqi Azərbaycan vilayəti valisinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub VİDEO
Gəncə, 21 oktyabr, Sabir Əliyev, AZƏRTAC
İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 21-də Gəncəyə gəlib.
AZƏRTAC xəbər verir ki, iranlı qonaqlar əvvəlcə şəhərin baş meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev nümayəndə heyətinə Gəncənin sosial-iqtisadi inkişafı və maddi-mədəni abidələrindən, həyata keçirilən abadlıq və quruculuq işlərindən danışıb.
İranın Şərqi Azərbaycan vilayətinin valisi Gəncəyə səfərindən məmnun qaldığını bildirib. Təbrizlə Gəncənin oxşar cəhətləri barədə fikirlərini açıqlayan qonaq onu da əlavə edib ki, Gəncədə gördüyü inkişaf, tikinti-quruculuq işləri onları çox sevindirib.
Görüşdə Təbrizlə Gəncənin qardaşlaşmasının əhəmiyyəti vurğulanaraq diqqətə çatdırılıb ki, bu qardaşlaşma tarixi köklərlə bir-birinə bağlı olan iki qədim şəhəri daha da yaxınlaşdırmaqla bərabər, həm də onların potensial imkanlarını üzə çıxaracaq. Xüsusilə iqtisadiyyat, mədəniyyət, səhiyyə, eləcə də elm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə Təbrizdə Gəncə günlərinin, Gəncədə isə Təbriz günlərinin keçirilməsi, həmçinin Təbriz məhsullarının nümayişi üçün Gəncədə sərgi salonunun açılması ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
Görüşdə İranın ölkəmizdəki səfiri Möhsün Pakayin və Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə də iştirak ediblər.
Sonra İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Gəncədəki Təbriz küçəsinin adı həkk olunmuş və üzərində Ərk qalasının təsviri verilmiş barelyefin açılışında iştirak edib, buraya toplaşan ictimaiyyət nümayəndələri ilə görüşüblər.
İranlı qonaqlar həmin gün Nizami məqbərəsində, Nizami Gəncəvi Muzeyində, Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyində, həmçinin “İmamzadə” dini-memarlıq kompleksində də olublar. Qonaqlara Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində “İmamzadə” dini-memarlıq kompleksində aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verilib.