İQTİSADİYYAT
İranın avtomobil şirkəti Azərbaycanda nümayəndəliyini açmaq istəyir
Bakı, 27 noyabr, AZƏRTAC
İranın “SAİPA” avtomobil şirkəti Azərbaycanda nümayəndəliyini açmaq niyyətindədir.
Bunu SAİPA qrupun prezidenti Saeid Madani AZƏRTAC-a müsahibəsində deyib.
Şirkətin Azərbaycanla əlaqələrindən danışan S.Madani bildirib ki, ölkələrimiz arasında münasibətlərin yaxşılaşması iş adamlarının ürəyincədir. “Tərəfdaşın qonşudan olması daha sərfəlidir. Son iki ildə Azərbaycanda 2 min avtomobilimiz satılıb. Burada region ölkələri üçün mərkəzi ofis açmaq, zavod tikmək niyyətimiz var. Azərbaycana da elə bu məqsədlə gəlmişəm. Danışıqlarımız ümidvericidir” - deyə S.Madani qeyd edib.
SAİPA qrupunun beynəlxalq əlaqələrinin xeyli genişləndiyini deyən iş adamı vurğulayıb ki, şirkətin Ukrayna və Rusiyada məhsulları satılır, İraq, Venesuela, Sudan, Suriyada və digər ölkələrdə müəssisələri fəaliyyət göstərir. Hazırda 7 zavodu, 100-dək köməkçi şirkəti olan qrup İldə 20 modeldə 800 min avtomobil istehsal edir.