CƏMİYYƏT


İranın nümayəndə heyəti paytaxtın bir sıra sosial müəssisələrində olub

Bakı, 18 yanvar, AZƏRTAC

Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi və Bakı Regional Peşə Tədrisi Mərkəzində olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Respublika Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzi barədə nümayəndə heyətinə məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti əlilliyi olan şəxslər üçün bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulmasına imkan verib: “Bu istiqamətdə tədbirlərin davamı kimi, Prezidentin iştirakı ilə əsaslı yenidənqurmadan sonra 2015-ci ilin sentyabr ayında Respublika Əlillərin Bərpa Mərkəzinin, 2016-cı ilin dekabr ayında Uşaq Bərpa Mərkəzinin açılışları olub. Həmin mərkəzlərdə yaradılan yüksək səviyyəli reabilitasiya şəraiti ölkəmizdə əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların sağlamlıqlarının bərpasına göstərilən xüsusi diqqət və qayğının əyani nümunəsidir. Yüksək tibbi-sosial reabilitasiya şəraitinin yaradıldığı Respublika Əlillərin Bərpa Mərkəzində 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə, Uşaq Bərpa Mərkəzində isə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara müasir tibbi-fizioterapevtik aparatlarla, səmərəli reabilitasiya üsulları ilə bərpa-müalicə xidmətləri göstərilir”.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin respublikamızın bütün bölgələrini əhatə edən 15 bərpa-müalicə müəssisəsinin, o cümlədən Protez-Ortopedik Bərpa Mərkəzinin və Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin fəaliyyət göstərdiyi bildirilib: “Əlilliyi olan şəxslərin kompleks tibbi-sosial və peşə reabilitasiyası istiqamətində işlərin davamı olaraq, təkcə 2016-cı il ərzində həmin müəssisələr tərəfindən 23 287 nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Ötən il əlilliyi olan şəxslərə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə ümumilikdə 32 764 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib”.

Nümayəndə heyəti hər iki mərkəzin müasir tibbi avadanlıq və qurğularla təchiz edilmiş şöbələri, əlilliyi olan şəxslərin cəlb edildikləri səmərəli fizioterapevtik bərpa-müalicə prosedurları ilə tanış olub, həyata keçirilən reabilitasiya prosesini nəzərdən keçiriblər.

Nümayəndə heyəti, eyni zamanda nazirliyin Bakı Regional Peşə Tədrisi Mərkəzində təşkil edilən peşə hazırlığı kursları ilə tanış olublar. Diqqətə çatdırılıb ki, həyata keçirilən aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqaməti mövcud işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasına yönəlib. Nazirlik tərəfindən bu sahədə görülən işlərin davamı olaraq 2016-cı ildə ümumilikdə 3 702 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Kursları başa vuranlara peşə sertifikatları verilməklə bərabər, onların yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün də müvafiq işlər aparılır. Hazırda nazirliyin Bakı, Göyçay və Naxçıvan şəhərlərində Regional Peşə Tədrisi Mərkəzləri fəaliyyət göstərir. Son illərdə Regional Peşə Tədrisi Mərkəzlərinin maddi-texniki bazasının gücləndirilməsi işləri aparılıb, onlardakı sinif otaqları və emalatxanaların sayı artırılıb, mərkəzlər müxtəlif peşələrin təlimi üçün lazımi texniki və tədris vəsaitləri ilə təmin edilmişlər.

Ə.Rəbii və nümayəndə heyətinin üzvləri ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarına malik olmaları üçün yaradılan şəraitdən, işçi qüvvəsinin əmək bazarında rəqabət qabiliyyətinin artırılması üçün aparılan işlərdən məmnun olduqlarını qeyd ediblər. Onlar ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının diqqət və qayğı ilə əhatə olunması yönündə həyata keçirilən tədbirlərin onlarda xoş təəssüratlar yaratdığını vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.