İQTİSADİYYAT
İranın xarici işlər nazirinin müavini “Khazar İslands” layihəsi ilə tanış olub
Bakı, 6 mart, AZƏRTAC
Bakıda səfərdə olan İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsi ilə tanış olmaq üçün şəhər-kompleksin salındığı ərazidə olub.
“Avesta Concern”dən AZƏRTAC-a verilən məlumata görə, konsernin vitse-prezidentləri Rəşad Hacılı və Taleh Quliyev İranlı nazir müavininə “Khazar İslands” layihəsi haqqında geniş məlumat veriblər. Bildirilib ki, layihə yalnız Azərbaycan üçün deyil, bütövlükdə Xəzər regionu ölkələri üçün böyük əhəmiyyət kəsb edir. “Avesta Concern”in təmsilçiləri layihə çərçivəsində İran şirkətləri ilə əməkdaşlıqda maraqlı və hazır olduqlarını da qeyd ediblər.
İranın xarici işlər nazirinin müavini İ.Rəhimpur iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edib və Xəzər dənizinin hüquqi statusu ilə bağlı Bakıda keçirilən danışıqlardan razı qaldığını vurğulayıb. Nazir müavini İran şirkətlərinin “Khazar İslands” layihəsində yer almasının da onların maraqlarına uyğun olduğunu və bunu arzu etdiklərini bildirib. “Khazar İslands” layihəsinin möhtəşəm layihə olduğunu qeyd edən qonaq belə nəhəng layihəni həyata keçirən “Avesta Concern”ə uğurlar arzu edib.