MƏDƏNİYYƏT
İranlı dirijor Musiqili Teatrda
Bakı, 3 iyul, AZƏRTAC
İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs Azərbaycan Dövlət Musiqili Teatrında çıxış edəcək.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tanınmış dirijor sentyabr ayında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını idarə edəcək. Tamaşaların nümayişi sentyabrın 23-ü və 24-də baş tutacaq.
Qeyd edək ki, Bərdia Kiyarəs 1979-cu ildə anadan olub. 4 yaşında ikən atası ona sənturda ifa etməyi öyrədib. 12 yaşından skripka dərsi almağa başlayıb. Simli və simfonik orkestr üçün pyeslər bəstələyib, kino və televiziya serialları üçün musiqilər yazıb. Tehranın müxtəlif musiqi kollektivlərində birinci skripkaçı və konsertmeyster kimi çıxış edib. 2006-cı ildən İran Film Bəstəkarları Assosiasiyasının üzvüdür. 2004 və 2006-cı illərdə Almaniyanın Osnabrüek Festivalında çıxış edib. 2005-2007-ci illərdə Nouban Simli Orkestrində birinci skripkaçı olub. Pars Musiqi İnstitutunda, Tətbiqi Elm və Texnologiyalar Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Dünya şöhrətli Daniel Barenboymun rəhbərlik etdiyi orkestrdə birinci skripkaçı kimi çıxış edib. İki təqaüdə layiq görülən Bərdia Kiyarəs Almaniya, Avstriya, Danimarka, İsveç, İsveçrə, İspaniya, İtaliya, Fransa, Böyük Britaniya və Belçikada konsertlərlə çıxış edib. 2008-ci ildən bəri dünyanın aparıcı dirijorları ilə əməkdaşlıq edir. 2008-ci ildən Pars Musiqi İnstitutunun Orkestrində, 2009-cu ildən İranın Kamera Orkestrində dirijorluq edib. İran Milli Orkestrinin dirijoru kimi 2010-2012-ci illərdə konsertlərdə çıxış edib. “Budən və Nəbudən” (To Be and Not To Be) adlı seçilmiş əsərlərindən ibarət albomu çıxıb.