İDMAN
İranlı idmançı: Bakıda mötəbər beynəlxalq turnirlərin keçirilməsi üçün ən müasir idman arenaları var
Tehran, 21 yanvar AZƏRTAC
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bu şəhərdə çox böyük və beynəlxalq standartlara cavab verən idman arenaları var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində iranlı idmançı, taekvando üzrə beynəlxalq dərəcəli idman ustası Mehdi Rezvanpur deyib.
2014-cü ildə Bakıda keçirilən taekvando üzrə dünya çempionatında İranın idman şərəfini qoruyan M.Rezvanpur bildirib: “Azərbaycanda idmanın inkişafı üçün geniş imkanlar yaradılıb. Yarışlarda iştirak edən idmançılar üçün hər cür şərait mövcuddur. Eni zamanda, Azərbaycanın beynəlxalq idman turnirlərinin keçirilməsi sahəsində zəngin təcrübəsi var. Bu, onu deməyə əsas verir ki, cari ilin mayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da müvəffəqiyyətlə təşkil olunacaq”.
İranlı idmançı bildirib ki, bu Oyunlarda İslam ölkələrinin idmançıları bir araya gələcəklər. İdmançılar yarışlarda rəqabət aparsalar da, asudə vaxtda bir-biri ilə tanış olacaq və ünsiyyət quracaqlar. Bu da İslam həmrəyliyinə əhəmiyyətli töhfə olacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran