REGİONLAR
İranlı iş adamları: Naxçıvanın ixrac potensialının artması iqtisadi-ticarət əlaqələrinin inkişafına rəvac verəcək
Naxçıvan, 25 yanvar, AZƏRTAC
Xəbər verdiyimiz kimi, yanvarın 24-də İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin valisi Qurbanəli Səadət Qarabağın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində muxtar respublikaya gələn iş adamları Naxçıvan Biznes Mərkəzində olub.
Mərkəzdə muxtar respublikanın ixrac potensialı ilə yaxından tanış olan qonaqların fikrincə, İran İslam Respublikası ilə qurulan iqtisadi münasibətlər sahibkarlıq subyektlərinin qarşılıqlı əlaqəsinin daha da genişləndirməsinə şərait yaradır.
Urmiya Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının rəhbəri Həsən İntizarın sözlərinə görə, muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, əvvəlki illərə görə onun ixrac potensialının artması iqtisadi-ticarət əlaqələrinin inkişafına əsaslı zəmin yaradır. O qeyd edib k, son illər hər iki ölkə tərəfindən imzalanan sənədlər, əldə olunan razılıqlar, münasibətlərin daha da genişləndirilməsi istiqamətində atılan addımlar iqtisadi və ticarət əlaqələrinin dərinləşməsi üçün də yeni imkanlar açıb.
Həsən İntizar deyib: “Bizim muxtar respublikaya səfərimizin məqsədi İranın Qərbi Azərbaycan Vilayəti ilə Naxçıvan arasında iqtisadi münasibətləri bir daha müzakirə etmək və qarşılıqlı fəaliyyətin istiqamətlərini müəyyənləşdirməkdir. Nümayəndə heyətinin tərkibində müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlar var. Bu sahibkarlar Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan yerli məhsullardan ibarət guşələrə baxdılar, eyni zamanda, naxçıvanlı sahibkarlarla görüşdülər. Düşünürəm ki, hər iki tərəfin fəaliyyəti üçün yaxşı potensial var və birgə əməkdaşlığımızın genişlənməsi qarşılıqlı iqtisadi əlaqələrin həcminin artmasına öz töhfəsini verəcək”.
İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Sənaye, Mədən və Ticarət Təşkilatının rəhbəri Cəfər Sadiq İskəndəri də Həsən İntizarın fikri ilə şərik olduğunu bildirərək vurğulayıb ki, iki qonşu ölkə arasında bu gün yüksək səviyyədə dostluq əlaqələri mövcuddur. Son illər münasibətlər ikitərəfli formatda uğurla inkişaf etdirilir. Bu əlaqələrin tərkib hissəsi kimi, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayəti arasındakı münasibətlər də məmnunluq doğurur.
Gələcəkdə iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əsaslı zəmin olduğunu qeyd edən Cəfər Sadiq İskəndəri deyib: “Naxçıvan Biznes Mərkəzində müxtəlif müəssisələrdə istehsal olunmuş məhsullarla tanış olduq. Gördük ki, Naxçıvanda sənaye, mədən, kənd təsərrüfatı məhsulları istehsal edən kifayət qədər müəssisələr var. Eyni zamanda, Qərbi Azərbaycan Vilayətində də belə müəssisələr fəaliyyət göstərir. Düşünürəm ki, biz qarşılıqlı olaraq məhsullarımızın tanıdılması üçün sərgilər təşkil edə, hər iki tərəf üçün ixrac və idxal imkanlarımızı dəyərləndirə bilərik”.
Cəfər Sadiq İskəndəri qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edərək bildirib ki, bu, Qərbi Azərbaycan Vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi-ticarət əlaqələrinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcək.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu