REGİONLAR
İranlı rejissor “İlan Sultan” tamaşasına görə diploma layiq görülüb
Lənkəran, 19 sentyabr, Bağır Əliyev, AZƏRTAC
II Şəki Beynəlxalq Teatr Festivalında iştirak etmiş İran İslam Respublikasının Tehran şəhərinin “Neğab” teatrının rejissor və aktyorları Lənkəran Dövlət Dram Teatrında olublar.
AZƏRTAC xəbər verir ki, teatrla tanışlıqdan sonra iranlı sənətçilərlə görüş keçirilib.
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov iranlı sənətçilərə rəhbərlik etdiyi kollektivin yaradıcılıq fəaliyyəti, teatrın son illər qazandığı uğurlar barədə məlumat verib.
“Neğab” teatrının rejissoru Xeyrullah Təğiyənipur II Şəki Beynəlxalq Teatr Festivalı barəsində təəssüratlarından danışaraq, Azərbaycanda beynəlxalq səviyyədə belə bir sənət yarışmasının keçirilməsinin ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşün sonunda Lənkəran Dövlət Dram Teatrının təsis etdiyi “Mövsümün ən yaxşı quruluşçu rejissoru” nominasiyası üzrə diplom “İlan Sultan” tamaşasına görə iranlı rejissor Xeyrullah Təğiyənipura təqdim olunub.