MƏDƏNİYYƏT
İranlı sənətçilər Lənkəran teatrında ustad təlimləri keçiblər
Bakı, 2 may, AZƏRTAC
İran İslam Respublikasının Tehran şəhərindən dəvət olunmuş teatr mütəxəssisləri Xeyrullah Təğyənipur, Əli Süleymani, Məhəmməd Ətayi və Cavad Nuri Lənkəran Dövlət Dram Teatrının gənc aktyorları üçün ustad təlimləri keçiblər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, üç gün ərzində iranlı sənətçilər Lənkəran teatrının gənc aktyorlarına səhnə hərəkətlərinin bir sıra xüsusiyyətlərini əyani olaraq öyrədiblər.
Teatrın direktoru Tofiq Heydərov bildirib ki, iki gündən sonra teatrın truppası Bakıda Gənc Tamaşaçılar Teatrının səhnəsində Eduardo de Filippononun “Ruhlar” və Bəhrəm Beyzayinin “İlan Sultan” tamaşaları ilə çıxış edəcək. Bu sənət imtahanı ərəfəsində gənc aktyorlara ustad təlimlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edib.
T.Heydərovun sözlərinə görə, İranın teatr mütəxəssisləri və sənət kollektivləri ilə Lənkəran teatrının əlaqələri bundan sonra da davam etdiriləcək və tamaşalarımız İranın şəhərlərində nümayiş olunacaq.