DÜNYA
İraq komandanlığı Mosul aeroportunun azad olunması xəbərini təkzib edib
Bakı, 23 fevral, AZƏRTAC
İraqın hökumət qüvvələrinin komandanlığı Mosul hava limanının tamamilə ələ keçirilməsi ilə bağlı KİV-də yayılan xəbərləri təkzib edib. Bu barədə əməliyyata rəhbərlik edən general Əbdül Əmir Yarallah məlumat verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, əldə olan məlumata əsasən, hazırda federal polis və İraqın Daxili İşlər Nazirliyinin çevik reaksiya bölmələri hava limanı ərazisində döyüşlər aparır. Ağır artilleriya fevralın 20-də ələ keçirilən Əlbu-Seyf yüksəkliyindən İŞİD qruplaşmasının mövqelərinə intensiv zərbələr endirir.
Bir qədər əvvəl ərəb telekanalları İraq ordusunun hava limanına nəzarəti tam ələ keçirdiyi barədə məlumatlar yaymışdı.
Mosul şəhərinin qərb hissəsinin azad olunması istiqamətində əməliyyatlar fevralın 19-da başlayıb. Hərbi kampaniyanın ilk mərhələsində İraq ordusunun 9-cu zirehli tank diviziyası, Daxili İşlər Nazirliyinin çevik reaksiya bölmələri və şiələrin “əl-Haşid əş-Şəəbi” qruplaşmasının silahlıları iştirak edirlər.
Xatırladaq ki, hökumət qüvvələrinin və ABŞ-ın başçılıq etdiyi koalisiya aviasiyasının iştirakı ilə 2016-cı ilin oktyabr ayında başlayan əməliyyatların gedişində Mosulun şərq hissəsi tamamilə İraq ordusunun nəzarətinə keçib.