DÜNYA
İraq ordusu Tikrit şəhərinə hücuma keçib
Bakı, 2 mart, AZƏRTAC
İraqın hərbi qüvvələri bu gün İŞİD qruplaşmasının nəzarətində olan Tikrit şəhərinin ələ keçirilməsi uğrunda miqyaslı hərbi əməliyyatlara başlayıblar. Hücum əməliyyatlarında şiə və kürd silahlıları da iştirak edir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, paytaxt Bağdaddan şimalda yerləşən və İraqın edam edilmiş diktatoru Səddam Hüseynin vətəni olan Tikrit keçən ilin iyun ayında İŞİD-in əlinə keçib. İndiyə qədər onun geri alınması uğrunda keçirilən əməliyyatların hamısı uğursuzluqla nəticələnib.
İraq ordusu və kürd silahlı birləşmələri son zamanlar qruplaşmanı Bağdaddan, İraq Kürdüstanından və şərq əyaləti Dialadan sıxışdırıb çıxarmağa nail olsalar da, mərkəzi Tikrit şəhəri olan Səlah-əd-Din əyaləti hələ də İŞİD-in nəzarətindədir.
Səlah-əd-Din əyalətinin ələ keçirilməsi İraq ordusuna ölkənin ikinci ən böyük şəhəri olan Mosula hücum etməyə imkan verəcək. Şimal əyaləti Naynəvanın alınması və Suriya sərhədlərinə çıxış isə bu ilin aprelinə planlaşdırılır.