DÜNYA
İraqda partlayış nəticəsində ölənlərin sayı 30 nəfəri ötüb
Bakı, 9 iyun, AZƏRTAC
İraqın paytaxtı Bağdaddan 60 kilometr cənubda yerləşən Əl-Musayib şəhərindəki bazarda törədilən partlayış nəticəsində həyatını itirənlərin sayı 31 nəfərə çatıb, daha 35 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əl-Musayib şiələr üçün müqəddəs sayılan və bu gün digər hücumun baş verdiyi Kərbəla şəhərindən 30 kilometr şərqdə yerləşir. Kərbəlada qadın terrorçu hicabın altında gizlətdiyi bombanı partladıb, nəticədə 4 nəfər yaralanıb. Hər iki partlayışın məsuliyyətini İŞİD terror qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.
BMT-nin İraqa Dəstək üzrə Missiyasının məruzəsinə əsasən may ayında bu ölkədə zorakılıq halları nəticəsində 354 nəfər həlak olub, 470 nəfər xəsarət alıb.
Qeyd edək ki, ölkənin bir hissəsini nəzarəti altına alan İŞİD qruplaşmasının fəaliyyəti nəticəsində İraqda gərgin vəziyyət davam edir. Silahlıların hücumları və təxribatları nəticəsində hökumət qüvvələri xeyli itki verir.
2014-2015-ci illərdə İŞİD qruplaşması Ənbar əyalətinin böyük hissəsini ələ keçirməyə müvəffəq olub. Lakin son zamanlar İraq ordusu bir çox rayonu nəzarətə götürə bilib. Hazırda əyalətin Suriya ilə sərhəddə yerləşən bəzi hissələri qruplaşmanın əlindədir.
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə İraqın eyni zamanda bir neçə güc strukturu Mosul şəhəri uğrunda hücum əməliyyatları aparır. Son məlumatlara görə, şəhərin beşdəbir hissəsindən çoxu İŞİD-dən geri alınıb. Şəhərin şimalında kürdlərin silahlı birləşmələri yerləşdirilib.