DÜNYA
İraqın İordaniya ilə sərhədində törədilən partlayışlar nəticəsində azı 12 hərbçi həlak olub
Bakı, 25 aprel, AZƏRTAC
İraqın İordaniya ilə sərhədində törədilən güclü partlayışların hədəfi hərbçilər olub.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, İŞİD qruplaşmasının üzvləri Ənbar əyalətində hər gün onlarla yük avtomobilinin keçdiyi Tarbil nəzarət-buraxılış məntəqəsinin yaxınlığında dinamitlə dolu 3 avtomobil partladıblar. Hadisə nəticəsində azı 12 hərbçinin həlak olduğu, onlarla hərbçinin isə yaralandığı bildirilir.
Yaralanan İraq hərbçiləri Krallığın ərazisindəki hospitallara yerləşdirilib. Hadisədən sonra İordaniya hökuməti sərhəd məntəqələrini bağlamağı qərara alıb.
Bu arada TASS informasiya agentliyinin yaydığı məlumata görə, Ənbar əyalətində İŞİD yaraqlısının dinamitlə dolu buldozeri hərbi maşın karvanına çırpması nəticəsində İraq ordusunun bir generalı və daha iki yüksək vəzifəli zabiti həlak olub. Eyni zamanda, İraq ordusu ağır döyüşlərdən sonra terrorçu qruplaşma üzvlərini Rəmadi şəhəri yaxınlığındakı Fərat çayı üzərindən keçən strateji Əl-Xouz körpüsündən çıxarmağa müvəffəq olub.
Xatırladaq ki, 2014-cü ilin ortalarından etibarən İraqın şimal-şərq regionlarına iri miqyaslı hücumlara başlayan qruplaşma hazırda Ənbar əyalətinin 80 faizinə və İraqın 1/3 hissəsinə nəzarət edir.