DÜNYA
İraqın hökumət qüvvələri Mosulun şərq hissəsinin üçdəbirini ələ keçirib
Bakı, 15 noyabr, AZƏRTAC
İraq Daxili İşlər Nazirliyinin nümayəndəsi, briqada generalı Saad Maan irimiqyaslı əməliyyatların keçirildiyi bir ay ərzində hökumət qüvvələrinin Mosul şəhərinin şərq hissəsinin üçdəbirini İŞİD yaraqlılarından azad etməyə müvəffəq olduğunu bildirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, general, həmçinin Mosul şəhərinin cənubunda qruplaşmanın 955 üzvünün öldürüldüyünü və 100 nəfərin əsir götürüldüyünü deyib. Əməliyyatlar zamanı koalisiya qüvvələrinin itkiləri barədə isə məlumat verilmir.
Mosul əməliyyatları ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə bir neçə güc strukturu tərəfindən həyata keçirir. Şimaldan və şərqdən şəhərə ordu və anti-terror birləşmələri hücum edir. Onlar artıq Mosulun şərqindəki bəzi məhəllələrə daxil ola bilib. Şəhərin şimalında kürdlərin silahlı birləşmələri yerləşib.
Şimaldan İŞİD qruplaşmasının İraqdakı “paytaxtına” doğru federal polis qüvvələri irəliləyir. Cənub-qərbdə isə şiələrin “Əl-Həşd əş-Şəəbi” qruplaşmasının yaraqlıları şəhərin Suriya ilə yolunu bağlamağa çalışır.
Xatırladaq ki, Mosul şəhəri uğrunda irimiqyaslı əməliyyatlar oktyabrın 17-də səhər saatlarında başlayıb. 1,3 milyon əhalisi olan İraqın ən böyük ikinci şəhəri iki ildən artıqdır ki, İŞİD qruplaşmasının nəzarəti altındadır.