SİYASƏT
İraqlı jurnalist Azərbaycandakı son Konstitusiya islahatından yazır
Bakı, 31 oktyabr, AZƏRTAC
İraqın məşhur “Əl-Muraqib Əl-İraqi” qəzetində jurnalist Mutəzz Muhy Əbdülhəmidin Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilmiş referenduma dair məqaləsi dərc edilib.
Müəllif “Azərbaycan Konstitusiya dəyişikliklərindən sonra: siyasi islahat yolu” adlı məqaləsində Konstitusiyamızın keçdiyi yola qısa nəzər salır, ona edilmiş əlavə və dəyişikliklərdən bəhs edir.
Məqalədə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanmış Konstitusiya Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyinə qovuşmuş Azərbaycan üçün siyasi islahat yolunda mühüm addım hesab edilir. Bu Konstitusiyada siyasi islahatlarla bağlı öz əksini tapmış ən mühüm məsələlərdən biri odur ki, Azərbaycan Respublikası müstəqil, dünyəvi, demokratik və qanunun aliliyinə riayət edən dövlət, Azərbaycan xalqı isə hakimiyyətin yeganə mənbəyidir. Konstitusiya hakimiyyətin seçkilər, referendumlar yolu ilə, demokratik şəkildə ötürülməsi mexanizmini özündə əks etdirir.
Yazıda, həmçinin Azərbaycan Konstitusiyasında insan haqları və vətəndaşların siyasi azadlıqları ilə bağlı məsələlərin geniş ifadə olunduğu vurğulanır. “Burada demokratik təsisatların əhəmiyyəti qeyd edilir, dövlətin əsas hədəfi kimi vətəndaşların hüquqları və siyasi azadlıqlarının təmini və qorunması göstərilir. Demokratik sistemin əsas elementləri bu Konstitusiyada əks olunub”, - deyə müəllif qeyd edir.
Məqalədə bildirilir ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində xalqın əksəriyyəti mövcud Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini dəstəkləyib. Məqalədə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər barədə ətraflı məlumat verilir.