REGİONLAR
“İrəli” İctimai Birliyi Göygöl rayonunda yeni layihənin icrasına start verib
Oktyabrın 31-də “İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə Göygöl şəhərində “Mənim gənclər təşkilatım” adlı yeni layihənin icrasına start verib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Göygöl Gənclər Mərkəzində keçirilən tədbirdə layihənin məqsəd və vəzifələrindən danışılıb. Qeyd edilib ki, əsas məqsəd gənclər təşkilatlarının fəaliyyət göstərmədiyi 7 şəhər və rayonun - Şəmkir, Göygöl, Balakən, Yevlax, Tərtər, Qəbələ və Sabirabadın gənclərini təşkilatın quruluşu, onun strukturu, işləmə mexanizmi, idarə olunması sahəsində maarifləndirmək, onların cəmiyyətdə fəallığını artırmaqdır.
Tədbirdə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər Fondunun məsul işçisi Orxan Ərəbov və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən gənclər siyasətinin uğurlarından danışıblar. Çıxışlarda ölkəmizdə milli mənəvi dəyərlərin təbliğində, gənclərin məşğulluğunun və sahibkarlıq fəaliyyətinin artırılmasında dövlət səviyyəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb.
Əllidən artıq gəncin iştirak etdiyi “Mənim gənclər təşkilatım” layihəsi çərçivəsində keçiriləcək təlimlərdə psixoloji testlərdən, müsahibələrdən, eləcə də telefon danışıqlarından geniş istifadə olunacaq. Tədbir dörd gün davam edəcək.