CƏMİYYƏT
“İrəli” İctimai Birliyi “SAY: Green” layihəsinə start verir
Bakı, 1 avqust, AZƏRTAC
Gənclərin maarifləndirməsi istiqamətində daim yeni təşəbbüs və layihələrlə çıxış edən “İrəli” İctimai Birliyi SAY (Azərbaycan Gəncliyinə Dəstək - Support of Azerbaijan Youth) hərəkatı çərçivəsində növbəti tədbirini reallaşdıracaq.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq düşərgədə gənclər açıq havada qurulacaq çadırlarda qalaraq bir sıra ekoloji, ətraf mühitin qorunması sahəsində təlimlərdə, ictimai müzakirələrdə iştirak etməklə öz bilik və bacarıqlarını inkişaf etdirəcək, eyni zamanda, səmti müəyyən etmə, dağa dırmanma və müxtəlif ekstrim idman növləri üzrə yarışlarda özlərini sınayacaqlar. Həmçinin gənclər üçün Azərbaycanda aparılan könüllülük hərəkatı üzrə xüsusi təlimçilər, səmti müəyyən etmə, dağçılıq, atıcılıq, velosiped idmanı, ekoloji maarifləndirmə üzrə xüsusi təlimlər və təcrübə proqramları təşkil olunacaq.
Layihənin əsas məqsədi düşərgə zamanı təbiətin insan tərəfindən çirkləndirməsinin mümkün qədər aradan qaldırılması və gənclərə sosial məsuliyyəti öyrədərək gələcəkdə böyük ekoloji problemlə qarşılaşmamaq üçün onlara sağlam həyat prinsiplərini aşılamaqdır.
Layihə avqustun 4-dən 9-dək Gəncə şəhərinin Hacıkənd qəsəbəsində keçiriləcək. Düşərgədə iştirak müraciət əsasında həyata keçirilir. Bunun üçün hazırlanmış mövcud ərizə formasına daxil olmaq və doldurmaq kifayətdir.
Seçim zamanı təbiətin qorunmasında ekoloji prinsiplərin önə çəkilməsində maraqları ola biləcək 100-ə yaxın gəncin seçilməsi nəzərdə tutulub. Müraciət üçün: https://docs.google.com/forms/d/1o97TQ4sI35EOk8CFuaF-1BOav9LjEqLb-6LiUi6R0w0/viewform