CƏMİYYƏT
“İrəli” İctimai Birliyi ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi əməkdaşlıq edəcək
Bakı, 30 mart, AZƏRTAC
“İrəli” İctimai Birliyi ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi “İslam Həmrəyliyi İli” ilə əlaqədar əməkdaşlıq edəcəklər.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bu barədə razılıq “İrəli”nin sədri Mirhəsən Seyidov ilə Mərkəzin rəhbəri Əhməd Sami Elaydi arasında keçirilən görüşdə əldə olunub.
Görüşdə İslam ölkələrinin gənclər təşkilatları arasında əməkdaşlıq, Mərkəzin təşkil etdiyi sərgilərə ekskursiyaların təşkili haqqında müzakirələr aparılıb, əməkdaşlığın gənclərimizin dünyagörüşünün artırılması baxımından önəmi vurğulanıb.
Əhməd Sami Elaydi “İrəli”nin üzvlərini Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində təşkil olunan ərəb dili kurslarında iştiraka dəvət edib. Ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərini xatırladan misirli gənc alim Azərbaycanı çox sevdiyini bildirib.
Söhbət zamanı “İslam Həmrəyliyi İli” çərçivəsində “İrəli” İctimai Birliyi ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında birgə tədbirlərin təşkili məsələləri müzakirə edilib.
Xatırladaq ki, 1999-cu ildən Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir.