CƏMİYYƏT
“İrəli” İctimai Birliyinin veb-səhifəsi “MilliNet” internet müsabiqəsinin qalibi olub
Bakı, 23 dekabr, AZƏRTAC
“İrəli” İctimai Birliyinin rəsmi veb-səhifəsi - www.ireli.az saytı “MilliNet 2016” internet müsabiqəsinin qalibi olub.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, veb-səhifə müsabiqənin “Ən yaxşı ictimai-sosial sayt” nominasıyasında qalib elan edilib.
Bu ilin oktyabrında yenilənən və funksional formata sahib www.ireli.az saytı gənclərin məlumat əldə etməsi baxımından rahat struktura malikdir. Çoxfunksiyalı veb-səhifə gənclərə bir çox yeni imkanlar təqdim edir. Saytda elanlar, tədbirlər, xəbərlər, layihələr haqqında məlumatların verildiyi bölmələr, həmçinin üzvlərin qeydiyyatı proseduru daha da təkmilləşdirilib.
Artıq səkkiz ildir keçirilən “MilliNet” internet müsabiqəsində müxtəlif nominasiyalar üzrə namizədliyini irəli sürən veb-səhifələr arasında qaliblər müəyyən edilir. Builki müsabiqənin Bakı Biznes Mərkəzində keçirilən mükafatlandırma mərasimində müxtəlif nominasiyalar üzrə qaliblərə, o cümlədən “İrəli” İctimai Birliyinə sertifikat və qiymətli hədiyyələr təqdim olunub.