İQTİSADİYYAT
İri arıçılıq təsərrüfatlarının nümayəndələri ilə müzakirələr aparılıb
Bakı, 31 avqust, AZƏRTAC
İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən iri arıçılıq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə arıçılıq sahəsindəki mövcud vəziyyət, bu sahədə həyata keçirilən tədbirlər, arıçılıq məhsullarının marketinqi, qablaşdırılması, tədarük və satış şəbəkəsinin genişləndirilməsi, arıçıların bilik və bacarıqlarının artırılması məsələləri müzakirə edilib.
Görüşdə arıçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərildiyi qeyd edilib, beynəlxalq təcrübənin öyrənilməsi üçün arıçıların xarici səfərlərinin təşkil olunduğu, bu sahədə damazlıq işinin aparılması sahəsində layihələrin həyata keçirildiyi vurğulanıb. Arıçılığın daha da inkişaf etdirilməsi üçün arıçılıq məhsullarının tədarükü, qablaşdırılması və marketinqi ilə bağlı müasir yanaşmanın tətbiqinin vacibliyi qeyd edilib və həmin sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müasir qablaşdırma ilə bağlı investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etmələri təklif olunub.
Həmçinin yerli arıçılıq məhsullarının tanıdılması, alıcılarla əlaqələrin qurulması, o cümlədən arıçıların turizm müəssisələri ilə əməkdaşlığının yaradılması üçün mütəmadi olaraq görüşlərin keçiriləcəyi bildirilib.