DÜNYA
İri dünya bankları dolların məzənnəsi ilə bağlı manipulyasiyada ittiham edilir
Bakı, 22 may, AZƏRTAC
Dünyanın 6 iri bankı valyuta bazarında manipulyasiya və fırıldaqçılıqla əlaqədar ümumilikdə təxminən 6 milyard dollar həcmində cərimə ödəməli olacaq.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, “JPMorgan” və “Citigroup” uzun illərdən bəri cinayət məsuliyyətinə cəlb edilən ilk iri Amerika banklarıdır. Həmçinin Böyük Britaniyanın “Barclays” və “Royal Bank of Scotland” bankları da dollar və avronun məzənnəsi ilə manipulyasiyada iştirak edib.
İsveçrənin UBS bankı isə anti-inhisar qanunvericiliyini pozsa da, cinayətkar sövdələşmə barədə Amerika hökumətinə ilk məlumat verənlərdən biri olub və beləliklə məsuliyyətdən qaçmağı bacarıb. Həmçinin “Bank of America” da valyuta bazarındakı fəaliyyətinin təhqiqatından yayınmaq üçün ABŞ-ın federal ehtiyatlar sisteminə cərimələr ödəyəcək.
Maliyyə analitiki Alaster Makkeyqin fikrincə, investorlar və treyderlər, adətən ümumi məbləği ört-basdır etməyə çalışırlar. Bu səbəbdən də reputasiya zərərlərinin hansi səviyyədə olacağını indidən demək çətindir.