DÜNYA
İri neft istehsalçıları hasilatın azaldılması barədə razılığa gələ bilmədilər
Bakı, 26 noyabr, AZƏRTAC
Rusiya, Səudiyyə Ərəbistanı, Meksika və Venesuela təmsilçiləri çərşənbə axşamı dördtərəfli formatda keçirilən ilk danışıqlar zamanı mütəmadi görüşlər və neftin qiymətinin monitorinqi barədə razılığa gəlsələr də, neft hasilatının azaldılması ilə bağlı ortaya ümumi mövqe qoya bilməyiblər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tərəflər Avstriyanın paytaxtı Vyanadakı Hyatt mehmanxanasında keçirilən görüşün nəticələri barədə birgə bəyanat verməkdən imtina ediblər. Danışıqlar haqda məlumatı isə jurnalistlərə “Rosneft”in nümayəndəsi və Venesuelanın xarici işlər naziri Rafael Ramires verib.
Neftin hazırkı ucuzlaşmasının öz dinamikasına görə tarixi retrospektivdə dünya iqtisadi böhranının əlamətlərinə uyğun gəldiyini bildirən “Rosneft” nümayəndəsi dünya iqtisadiyyatının inkişaf etdiyini, neftə olan tələbatın artdığını və bazarda kritik disbalansın olmadığını da qeyd edib.
Qeyd edək ki, Vyanadakı görüş OPEC-ə üzv dövlətlərin nazirlər səviyyəsində iclası ərəfəsində keçirilib.