REGİONLAR


İribuynuzlu heyvanlar bruselyoz xəstəliyinə qarşı peyvənd olunur

Bakı, 26 iyul, AZƏRTAC

Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkə ərazisində iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlənməsinə start verilib.

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində bruselyoz xəstəliyi əleyhinə 400 min doza miqdarında “S-19 “ peyvənd vasitəsi alınaraq iribuynuzlu heyvanlar arasında tətbiqinə başlanılıb. Bu peyvənd vasitəsi iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyini törədən “Brusella abortusa” qarşı immunitet yaradır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, peyvəndləmə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sahə baytar həkimləri tərəfindən göz-damcı üsulu ilə 3-8 aylıq dişi danalar arasında aparılır.

Dövlət Xidmətinin mütəxəssisləri rayonlara ezam olunaraq, həkimlərə vaksinin istifadəsi və biotəhlükəsizlik qaydaları barədə təlim keçiblər. Peyvəndə cəlb edilən heyvanlar həkimlər tərəfindən qeydiyyata alınır və qulaqlarında xüsusi kəsik aparılmaqla nişanlanır. Peyvəndlənmə kampaniyasının layihə tərəfindən 3 il müddətində maliyyələşdirilməsi nəzərdə tutulub. Nəticədə, naxırlarda bruselyoz xəstəliyinə həssas olan heyvanların sağlam və uzunmüddətli immuniteti olan heyvanlarla əvəzlənməsi gözlənilir.

Qeyd edək ki, ötən ildən xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “Rev-1” göz-damcı üsulu ilə peyvəndləmə işlərinə başlanılıb və hazırda bu tədbirlər paralel davam etdirilir.

Bruselyoz uzun müddət müalicə tələb edən, oynaq sisteminə təsir göstərən, çox zaman ağırlaşmalar və əlilliyə gətirən xroniki, təhlükəli xəstəlikdir. İnsanlar bu xəstəliyə heyvan mənşəli çiy qidalar, xüsusilə çiy süd, duza qoyulmamış yeni hazırlanmış pendir və süd məhsullarının istifadəsi, həmçinin xəstə heyvanlarla təmas və sağım zamanı yoluxa bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.