MƏDƏNİYYƏT
İrina Bokova Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü münasibətilə ictimaiyyətə müraciət edib
Bakı, 19 may, AZƏRTAC
UNESCO-nun baş direktoru İrina Bokova mayın 21-də qeyd olunacaq Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilə əlaqədar ictimaiyyətə müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciətdə mədəni müxtəlifliyin cəmiyyət həyatında vacibliyi bildirilir. Diqqətə çatdırılır ki, mədəni müxtəliflik həyatımızı zənginləşdirən, bizə bir yerdə inkişaf etmək imkanı yaradan yeni ideya və perspektivlər təqdim edir. Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü bizə mədəni müxtəlifliyin böyük üstünlüklərini, o cümlədən bəşəriyyətin zəngin qeyri-maddi mədəni irsini vurğulamaq, qarşılıqlı anlaşmaya və mədəniyyətlərarası dialoqa əsaslanan daha dinc dünya qurmağa sadiq qaldığımızı bəyan etmək imkanı yaradır.
Müraciətdə qeyd olunur ki, bəşəriyyətin mədəni müxtəlifliyinin gücündən və yaradıcı potensialından istifadə etmədən 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin Gündəliyində nəzərdə tutulan 17 hədəfə çatmaq mümkün deyil. Hətta mədəni müxtəlifliyi bayram etdiyimiz gündə belə unutmamalıyıq ki, bu müxtəliflik getdikdə daha çox təhlükəyə məruz qalır. Bütün dünyada mədəni azlıqlar ümumi irsimizi məhv edən, xalqlar və onların tarixləri arasında mühüm əlaqələri zəiflətməyə çalışan ekstremistlərin hədəfi olur. Digər tərəfdən isə şəhərlərin nəzarətdən çıxan inkişafı onların sosial müxtəlifliyini və məişətini yoxa çıxarmaq təhlükəsini yaradır. Buna görə də XXI əsrdə bizə yeni humanizm konsepsiyası lazımdır. İnsan haqlarına əsaslanan UNESCO əmindir ki, müxtəliflik bizi daha güclü edir və mədəniyyətlərarası dialoq, dayanıqlı inkişaf və sülh üçün mədəni müxtəlifliyin böyük rolu var.
Müraciətin tam mətnini UNESCO-nun saytından oxumaq mümkündür.
Xatırladaq ki, Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilib.