SİYASƏT
İrlandiya Şahmat Federasiyasının nümayəndəsinin adı XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb
Bakı, 4 avqust, AZƏRTAC
İrlandiya Şahmat Federasiyasının nümayəndə heyətinin üzvü Kevin O’Konnel Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına tam hörmət etdiyini, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadları barədə əvvəlcədən məlumatlı olmadan getdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşımadığını vurğulayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kevin O’Konnel səfərlə əlaqədar təəssüfünü ifadə edib. O, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib. Bu qondarma rejimin Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaradıldığını vurğulayıb.
İşğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istəyən Kevin O’Konnel zəbt edilmiş ərazilərə gələcəkdə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
O, qeyd olunanları nəzərə alaraq, 2016-cı il avqustun 20-dən sentyabrın 20-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası və FIDE-nin 87-ci Konqresində iştirak etmək üçün Azərbaycana səfər etməsinə icazə verilməsini xahiş edib.
Kevin O’Konnelin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun Azərbaycana səfər etməsi üçün müvafiq viza rəsmiləşdirilməsinin həyata keçirilməsi barədə qərar qəbul olunub.