DÜNYA
İrlandiyada əcnəbilər investisiya gəlirlərinə görə vergi ödəyəcəklər
Bakı, 3 noyabr, AZƏRTAC
İrlandiya Maliyyə Nazirliyinin qeyri-rezidentlərin daşınmaz əmlakına qoyduqları investisiya gəlirləri üçün tətbiq etdiyi yeni verginin dərəcəsi 20 faiz olacaq.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, hökumətin vergi qanunvericiliyinə etdiyi düzəlişə əsasən, əcnəbi investorlar vergi ödənişlərinin minimallaşdırılması üçün müxtəlif “strukturlardan” istifadə edə bilməyəcəklər.
Ekspertlərin rəyinə görə, əcnəbilərin gəlirlərindən vergi tutulması ilk növbədə o şəxslərə aid ediləcək ki, onlar son vaxtlara qədər İrlandiyada iki növ əmlak fondu – “Aktivlərin kollektiv idarə edilməsi üzrə İrlandiya təşkilatı” (ICAV) və “İxtisaslaşmış investorlar üçün alternativ fond” vasitəsilə daşınmaz əmlakı satın alıblar. Bu fondların İrlandiyadakı əmlak aktivlərinin ümumi məbləğinin isə 12 milyard avro həcmində olduğu təxmin edilir.
Hökumətin planına əsasən, investorların vergi ödəməkdən yayınmalarının qarşısının alınması üçün vergi qanunvericiliyi bundan sonra da sərtləşdiriləcək. Bununla belə, Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, investorların bəzi qrupları, o cümlədən pensiya fondları, həyat sığortası və digər kollektiv investisiya qurumları yeni vergidən azad edilib.