DÜNYA
İrlandiyada vahid əmlak vergisinin tətbiqi imkanları nəzərdən keçirilir
Bakı, 3 oktyabr, AZƏRTAC
İrlandiya hökumətinin yerli daşınmaz əmlak vergisinə vahid dərəcənin tətbiqi imkanını nəzərdən keçirməsi barədə Baş nazirin müavini Coan Berton məlumat verib.
AZƏRTAC Vergilər.az saytına istinadla xəbər verir ki, Baş nazir müavini daşınmaz əmlaka qiymətlərin artımının yerli daşınmaz əmlak vergisinin kəskin artmasına səbəb olacağını deyib. Bu, xüsusilə də Dublin kimi mərkəzi ərazilərdə özünü kəskin göstərəcək.
Maliyyə naziri M.Nunan da yerli daşınmaz əmlak vergisinin tətbiqi mexanizminə yenidən baxılmasının zərurətini qeyd edib. İlkin əmlak vergisi üzrə hesabatın hazırlanması sabiq maliyyə nazirinə həvalə edilib. Onun rəhbərlik etdiyi işçi qrup yerli daşınmaz əmlak vergisinin ümumi tətbiqi sistemini nəzərdən keçirməli və bu verginin ümumi vergi daxilolmalarında yerini müəyyən etməlidir. İşçi qrup qiymət dəyişikliyinin ümumi gəlirlərə təsirini təhlil etməli, yerli daşınmaz əmlak vergisi üzrə daxilolmaların sabit qalması üçün sistemin təkmilləşdirilməsi yollarını araşdırmalıdır.