CƏMİYYƏT
İrpen şəhərində akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş gecə keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Ukraynanın İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə İrpen şəhərindəki Zərifə Əliyeva adına İstirahət Parkını ziyarət edərək, mərhum akademikin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbdə keçirilən tədbirdə Azərbaycan, Belarus, Çin, Polşa və bir sıra ölkələrin Ukraynadakı səfirliklərinin təmsilçiləri, İrpen şəhər meriyasının əməkdaşları, Azərbaycan diasporunun fəalları və media nümayəndələri iştirak ediblər.
Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan xatirə gecəsini məktəbin direktoru Valentina Antonenko açaraq həyatını tibb elminin inkişafına həsr etmiş akademik Zərifə Əliyevanın zəngin və mənalı ömür yolundan bəhs edib. O, 13 xarici dilin tədris olunduğu belə bir nüfuzlu təhsil ocağının Zərifə Əliyevanın adını daşımasından qürur duyduğunu bildirib. Qeyd edib ki, həkim, elm fədaisi və qayğıkeş ana obrazlarını özündə birləşdirən Zərifə Əliyevanın ucalığı əsrlər boyu Azərbaycanla Ukrayna arasındakı mənəvi dostluq yollarına işıq və nur saçacaq.
Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. Azərbaycanın görkəmli elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə böyük ehtiram bəslədiklərinə görə Ukrayna dövlətinə, İrpen şəhər rəhbərliyinə və 12 saylı orta məktəbin direktoruna dərin minnətdarlığını bildirib. Səfir İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan orta məktəbin, mərkəzi küçənin və dostluq parkının Azərbaycanla Ukrayna arasında əbədi dostluq körpüsünə çevrildiyini vurğulayıb.
Çıxışlardan sonra məktəblilər akademik Zərifə Əliyevaya həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Xatirə gecəsi həzin konsert proqramı ilə başa çatıb.