CƏMİYYƏT
“İş yerinə dair arayış” elektron xidmətinə 587,7 min dəfə müraciət olunub
Bakı, 13 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə ötən ay 23,3 mindən çox müraciət qeydə alınıb. Ümumilikdə isə bu ilin birinci yarısında xidmətdən 134,8 min dəfədən çox istifadə edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,4 faiz çoxdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2014-cü ilin iyulundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tətbiq etməyə başladığı Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi işçi və işəgötürənlər arasında əmək müqavilələri əsasında mövcud olan bütün əmək münasibətləri barədə dolğun informasiya bazası formalaşdırıb. Sistemin üstünlüklərindən biri də odur ki, bağlanılmış əmək müqaviləsi hər bir işçi barədə istənilən vaxt elektron qaydada məlumat əldə etməyə imkan verir.
“İş yerinə dair arayış” xidməti vətəndaşların istər ümumi təyinatlı, istərsə də konkret təşkilata təqdim etmək üçün real vaxt rejimində iş yerləri haqqında elektron arayış əldə etməyə imkan verib. Həmin arayışı aidiyyəti quruma elektron şəkildə göndərmək və ya kağız şəklində təqdim etmək mümkündür.
Elektron xidmət istifadəyə veriləndən sonra hər hansı işçinin qeyd olunan arayışı almaqdan ötrü işəgötürənə müraciət edərək vaxt itirməsinə ehtiyac qalmır. İş yerinə dair arayışın tələb olunduğu təşkilatlar da həmin arayışın məhz elektron qaydada təqdim edilməsinə üstünlük verirlər. Çünki onlar elektron arayışlarda əksini tapan məlumatların düzgünlüyünü və fərdi məlumatların dəqiqliyini portaldakı xüsusi xidmət vasitəsilə yoxlaya bilirlər.
2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidmətinə bu il iyulun 1-dək 587, 7 min dəfə müraciət olunub.