ELM VƏ TƏHSİL
İsa Həbibbəyli: Ulu Öndərin Çin İctimai Elmlər Akademiyasında çıxışı elmi əlaqələrin strategiyasını müəyyənləşdirib
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Pey Çanxunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, İsa Həbibbəyli Çin ilə Azərbaycan arasında əlaqələrdən danışıb, müxtəlif istiqamətlərdə qurulan münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib.
Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasında çıxışını xatırladan akademik ölkələrimiz arasında əlaqələrin təməlinin həmin vaxt qoyulduğunu söyləyib. Qeyd edilib ki, İctimai Elmlər Akademiyası ilə elmi əlaqələrin möhkəm təməli də o gün yaranıb. Ulu Öndərin Çin İctimai Elmlər Akademiyasında çıxışı elmi əlaqələrin strategiyasını müəyyənləşdirib.
Bu gün də ölkələrimiz arasında əməkdaşlığa ciddi önəm verildiyini bildirən AMEA-nın vitse-prezidenti ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpasına dair beynəlxalq konfransın təşkil olunmasından bəhs edib.
Professor Pey Çanxun görüşün iqtisadiyyat elmi üzərindən əlaqələrimizin prioritet istiqamətlərinin müəyyənləşdiriləcəyini, müxtəlif elmi istiqamətlərdə mövcud problemlərin öyrənilməsinə öz töhfəsini verəcəyini bildirib. O, Çin iqtisadiyyatının müasir inkişafından, ölkələrində həyata keçirilən iqtisadi layihələrdən danışıb. Çinin təkcə qonşu ölkələrlə deyil, eləcə də Azərbaycanla iqtisadi əlaqələrini inkişaf etdirməyə, hər iki ölkənin iqtisadçı alimlərinin əməkdaşlıq perspektivlərini araşdırıb genişləndirməyə maraqlı olduğunu söyləyib.