SİYASƏT
İsfəndiyar Vahabzadə: Belarus Avropa regionunda bizim üçün etibarlı tərəfdaşdır
Minsk, 25 noyabr, AZƏRTAC
Belarus və Azərbaycan dost və tərəfdaş ölkələrdir. Onları çoxillik ticari-iqtisadi əlaqələr və iki ölkənin prezidentlərinin səmimi münasibətləri birləşdirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BELTA-ya müsahibəsində ölkəmizin Minskdəki səfiri İsfəndiyar Vahabzadə deyib.
Diplomat qeyd edib ki, əməkdaşlıq illəri ərzində Belarusla xarici ticarət əlaqələrinin müsbət təcrübəsini toplamışıq. Belarus Avropa regionunda Azərbaycan üçün etibarlı tərəfdaşdır.
Materialda dost ölkələrimiz arasında ümumi əmtəə mübadiləsi diqqətə çatdırılıb. Səfir hesab edir ki, bu əmtəə dövriyyəsini maksimal adlandırmaq olmaz. Lakin dünyada mənfi iqtisadi tendensiyalara baxmayaraq, ölkələrimiz əmtəə dövriyyəsini genişləndirmək üzərində fəal çalışırlar.
Azərbaycanlı diplomat xatırladıb ki, noyabrın 27-də Belarus-Azərbaycan biznes forumu və kontakt-kooperasiya birjası keçiriləcək.
Müsahibədə silahlı münaqişələr məsələsi də nəzərdən keçirilib. Səfir bildirib ki, Azərbaycan həmişə sülh siyasətinə sadiq qalır, heç vaxt başqa dövlətlərə qarşı təcavüzkar kimi çıxış etmir və münaqişələrin sülh yolu ilə tənzimlənməsini ən düzgün yol hesab edir.
Diplomat xüsusilə qeyd edib ki, Azərbaycan tərəfi Belarusun bu ölkənin ərazi bütövlüyünü dəstəklədiyini yüksək qiymətləndirir. Belarus tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumi prinsip və normaları, dövlət sərhədlərinin pozulmazlığı əsasında tezliklə tənzimlənməsi uğrunda çıxış edir.
Səfir Belarusda keçirilmiş prezident seçkilərinin qiymətləndirilməsi barədə suala cavab verərək vurğulayıb ki, Aleksandr Lukaşenkonun seçkilərdə qələbəsi xalqın ona olan etimadını növbəti dəfə təsdiqləyir.
İ.Vahabzadə deyib: “Bildiyiniz kimi, Belarus və Azərbaycan prezidentləri təkcə uzun illərin həmkarı deyil, həm də yaxşı dostdurlar. Əminəm ki, dövlətlərimizin başçılarının çox illər əvvəl götürdükləri tərəfdaş münasibətlərinin inkişafı kursu davam edəcək. Gizlətməyəcəm ki, bu, məni son illər Belarusda yaşayan və işləyən diplomat kimi sevindirir”.
Müsahibənin tam mətnini aşağıda qeyd edilən linkdən oxumaq olar: http://www.belta.by/interview/view/belarus-dlja-nas-nadezhnyj-partner-v-evropejskom-regione-4498/
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk