CƏMİYYƏT
İşğal olunmuş ərazilər Azərbaycanın suveren torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkətinə qadağa qoyula bilməz VİDEO
Bakı, 16 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın kütləvi informasiya vasitələri bu ölkənin müdafiə naziri Seyran Ohanyanın çıxışına istinadla guya Azərbaycan ordusunun kəşfiyyat-təxribat qruplarına əraziyə yaxşı bələd olan cinayətkar elementləri cəlb etməklə müxtəlif diversiyalar həyata keçirdiyini iddia edirlər.
Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, səsləndirilən bu fikirlərin heç bir əsası yoxdur. İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlət sərhədini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla “qurulmuş” qondarma rejimin nəzarətindəki torpaqlar Azərbaycan Respublikasının BMT tərəfindən tanınan ərazisidir.
Azərbaycan Respublikasına təcavüz aktı etmiş, vətəndaşlarımıza qarşı divan tutulması siyasətini yürüdən, Xocalı soyqırımının törədilməsində iştirak edən Ermənistan Respublikasının cinayətkar rəhbərliyi, o cümlədən Seyran Ohanyan yaxın vaxtlarda ədalət məhkəməsi qarşısına çıxarılacaq və onların əməllərinə beynəlxalq hüquqi-siyasi qiymət veriləcək.
Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri, qeyri-peşəkarları cəlb etmədən istənilən döyüş tapşırığını və əməliyyatı yerinə yetirmək üçün bütün imkanlara malikdir.