SİYASƏT


İşğalçı Ermənistan Azərbaycanda mülki əhaliyə qarşı törətdiyi cinayətlərə son qoymalıdır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qeyri-hökumət təşkilatlarının iştirakı ilə “dəyirmi masa” keçirib

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı törədilən cinayətlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qeyri-hökumət təşkilatlarının iştirakı ilə “dəyirmi masa” keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində həlak olan 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Zəhranın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı nəticəsində mülki şəxslərin həlak olması və yaralanması, mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. “Biz heç bir uşağın, istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi, müharibədən əziyyət çəkməsini istəmirik. Əfsuslar olsun ki, erməni xisləti öz mənfurluğunu davam etdirir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi ara vermir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Çox təəssüflər olsun ki, bu gün həmin uşaqların sırasına 2 yaşlı Zəhra Quliyeva da əlavə olundu”, - deyə Hicran Hüseynova qeyd edib.

Diqqətə çatdırılıb ki, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn, insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının, həmçinin uşaq hüquqlarına, insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Buna dünya ictimaiyyəti və BMT-nin üzv dövlətləri tərəfindən müvafiq qiymət verilməlidir.

Komitə sədri bu gün hər bir vətəndaşın, o cümlədən Azərbaycan qadınlarının dövlətimizin başçısının prinsipial mövqeyini dəstəklədiyini bildirərək əlavə edib ki, bu, dövlətlə xalqın, ordunun birliyinin təcəssümüdür. Azərbaycan xalqı bu münaqişənin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həll olunmasının tərəfdarıdır və eyni zamanda, dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulmasını tələb edir.

“Biz, beynəlxalq hüquq normalarına, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, münaqişə ilə bağlı BMT qətnamələrinə, Avropa Şurasının, ATƏT-in, digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin yerinə yetirilməsi və Ermənistanın işğalçılıq siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara, dünya ölkələrinə müraciət edirik”, - deyə Hicran Hüseynova vurğulayıb.

2017-ci il iyulun 4-də Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində mülki şəxslərin həlak olması və yaralanması ilə bağlı “dəyirmi masa”da beynəlxalq təşkilatlara və xarici dövlətlərə Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər, həmçinin ictimai birliklər adından qəbul edilən Bəyannamə səsləndirilib.

Bəyannamədə deyilir: “Xalqımız bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi yolla həllinin tərəfdarıdır və eyni zamanda, dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulmasını tələb edir. Biz, beynəlxalq hüquq normalarına, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, BMT-nin, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurası Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrinin tələblərinə əməl olunması və Ermənistanın işğalçılıq siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik. Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilsin, qoşunların təmas xətti boyunca məskunlaşan ərazilərdə sıx yaşayan azərbaycanlı əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınması dayandırılsın”.

Tədbirdə qeyri-hökumət təşkilatlarının rəhbərləri də çıxış edərək, son vaxtlar ermənilər tərəfindən törədilən vandalizm hərəkətlərini qətiyyətlə pisləyib və beynəlxalq təşkilatların bu məsələni daim diqqət mərkəzində saxlamasının vacibliyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.